
Aydın Quliyev: "Bununla idarəetməni sadələşdirə bilərik" AQB-yə daxil olan partiyaların ardınca ADP-nin də Azərbaycanın mövcud inzibati ərazi quruluşunun dəyişdirilməsi təklifi ilə çıxış etməsi siyasi firqələrdə müxtəlif söz-söhbətlərə rəvac verib: belə ki, bəzi müşahidəçilər İrana loyal münasibəti ilə fərqlənən partiyaların eyni təkliflə çıxış etməsini təsadüfi saymırlar. Xatırladaq ki, Cənubi Azərbaycan Parlamenti Təşəbbüs Qrupunun üzvü Aslan Xalidi bu günlərdə sözügedən ideyanın İrandan "ixrac edildiyini" bildirib.
ADP ideologiya katibi Aydın Quliyev "Bizim ƏSR"ə açıqlamasında məsələ ilə bağlı partiyanın ünvanına söylənilən ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda inzibati ərazi quruluşunun təkmilləşdirilməsi ADP-nin əsas konsepsiyalarından biridir. "Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın mövcud inzibati-ərazisi mürəkkəb xarakter daşıyır. Hər bir dövlətin inkişafında üç əsas amil - onun inzibati ərazi quruluşu, siyasi rejimi və təbii ehtiyatları başlıca rol oynayır. Bu gün inzibati ərazi quruluşu olduqca dağınıq olduğuna görə, biz zəngin təbii və əmək ehtiyatlarımızı ümumi inkişafımıza yönəldə bilmirik. Buna görə də sözügedən sahədə islahatlar aparılmasını zəruri sayırıq. Biz heç də Azərbaycanda mövcud olan rayonlarımızın ləğvini istəmirik. Sadəcə olaraq 65 rayon və 132 şəhər və şəhər tipli qəsəbənin bazasında 8-12 ərazinin yaradılmasını təklif edirik. Yəni bir neçə rayon və yaxud qəsəbənin ərazisi 400-700 min əhalini əhatə etməklə, bir əraziyə, yaxud vilayətə çevrilsin. Həmin ərazi, vilayət çərçivəsində də mövcud rayonlar, kəndlər bölgüsü olduğu kimi saxlanılacaq".
Aydın Quliyevin fikrincə, bununla idarəçiliyin sadələşdirilməsini və dövlət büdcəsinin "yüngülləşdirilməsini" təmin etmək mümkündür: "Məlumdur ki, hər bir rayonda icra aparatının saxlanılması üçün külli miqdarda vəsait xərclənir. Bu islahatları həyata keçirməklə, dövlət büdcəsinə də qənaət etmiş olarıq".
No comments:
Post a Comment