Saturday, April 17, 2010

Urmuda kürdlər niyə və kimə qarşı silahlanırlar?

Urmuda kürdlər niyə və kimə qarşı silahlanırlar?
Güney Azərbaycanın Urmu vilayətində kürd silahlılarından gözlənilən təhlükələr artıb
Son aylarda İrandakı klerikal rejimə qarşı etiraz aksiyaları və ixtişaşların sayı artmaqdadır. Bu prosesdə paralel olaraq İran hökumətinə bağlı olan informasiya orqanlarının verdiyi məlumata görə, Urmu vilayətində silah qaçaqmalçılığı kürdlərə məxsus şirkətlər tərəfindən daha da artıb. Ölkədəki rejimdən müəyyən qədər ehtiyat edən kürdlər bir qədər gözəgörünməz şəkildə davranış sərgiləməyə başlayıb. İranın Suriya, Türkiyə və İraqla sərhəd regionlarındakı dağlıq ərazilərdə məskunlaşan kürdlərin bu qədər silaha və maliyyə resurslarına malik olması faktına əsaslanan Güney Azərbaycandakı müşahidəçilər bildirirlər ki, bütün bunlar Ermənistan və separatçı Dağlıq Qarabağın hesabına əldə edilib. Kürdlər hədsisz dərəcədə şübhəli şəkildə zənginləşərək Urmu vilayətində iri torpaq sahələri, mülklər alaraq, öz mövqelərini gücləndirməyə başlayıblar. Hal-hazırda Urmu şəhəri başda olmaqla vilayət boyunca kürdlərin açıq şəkildə silahlı qruplarını yaratmaları prosesləri baş verməkdədir.

Urmu vilayəti Türk Dünyasının ən strateji nöqtəsidir
18-ci yüzilin sonları və 19-cu yüzilin ilk çağlarında Rusiya Avropanın dəstəyilə Qafqazın işğal edilməsi yönündə qanlı savaşlar aparıbdır. Qacarlar hakimiyyəti məhz Urmu vilayəti üzərindən işğalçı qoşunlara qarşı öz hərbi qüvvələri vasitəsilə sarsıdıcı zərbələr vura bilirdi. O zaman İngiltərənin Hİndistanda yerləşmiş ordu komandanlığının kəşfiyyatı Urmu vilayətinda yaşayan aysor, kəldani və ermənilər vasitəsilə regiondakı hərbi sirləri əldə edərək Çar Rusiyasının hərbi komandanlığına təqdim edirdir. Qacarlar hakimiyyətinin hərbi-strateji üstünlüyünə qarşı regionda təxribatları gündəmə gətirmək üçün kürd, erməni, aysor və kəldanilərin maliyyələşdirilməsi sayəsində İrəvan, İrəvan, Gəncə və Qarabağın işğalına doğru yönəlmiş siyasəti həyata keçirmək mümkün oldu. Rusiyanın Qafqazı işğal planı o zaman gerçəkləşdi ki, Tehranda saraydakı fars əyanları və Urmu vilayətində yaşayan qeyritürk ünsürlər bu xəyanətlərdə birbaşa iştirak etdilər. Çarlıq Rusiyası 1917-ci ildə çökdüyü zaman Urmu vilayətində həmin siyasəti bu dəfə İran körfəzində yerləşdirilmiş İngiltərə qoşunları və general Denstrevill idarə etməyə başladı. Məhz ingilis kəşfiyatının sayəsində regionda yaşayan aysorlar, kürdlər və ermənilər maliyyə dəstəyi almış və silahlandırılmışdırlar. İngilis kəşfiyyatı hər birinə ayrılıqda olmaqla, aysor, kürd və ermənilər üçün Urmu boyunca “Aysor dövləti”, “Kürdüstan” və ya “Böyük Ermənsitan”ın yaradılması ssenarisini gündəmə gətirmişdi. Ortada tək bir faciə yaşanıldı. Bu, bölgədə yaşayan Qarapapaq Türklərinin soyqırımı idi. Çünki, həddindən artıq zəif durumu yaşamağa məcbur olan Qacarlar xanədanlığı son ümid yeri kimi Qarapapaq Türklərindən ibarət nizami qoşunlar hazırlamaqla İranın gerçəkdən bir türk dövlətinə çevrilməsi siyasətini planlaşdırmışdı. Belə bir həssas məqamda tədricən dağılmaqda olan Osmanlı dövləti qardaş və soydaş dəstəyini əsirgəməmək üçün Əli İhsan Sabis Paşanın komandanlığı altında vilayətə qoşun göndərdi. Bu qoşunlar Kərkük və Urmu vilayətlərində türk soyqırımlarının qarşısını aldı. Erməni, kəldani və aysorlara məxsus hərbi birliklərin yerləşdiyi məntəqələrdə isə xeyli ingilis cəsusu edam olundu. Əli İhsan Sabis Paşanın altı cildlik xatirələrində qeyd belə olunur: “Urmu vilayəti Anadolu, Güney Azərbaycan və Orta Asiyanı coğrafi, iqtisadi, mədəni və hərbi baxımdan birləşdirən strateji nöqtədir. Bu vilayət hansı gücün nəzarətindədirsə, Anadolunun, Qafqazın və Orta Asiyanın bütünlüyünün açarına sahib olması deməkdir”.
Böyük siyasətin “silahlı oyuncaqları”
Orta Şərq siyasətində yer alan İran faktoruna görə Rusiya, ABŞ, İngiltərə, Almaniya, Çin, Fransa, eləcə də Səudiyyə Ərəbistanı Türkiyənin rolunu kiçiltmək, daraltmaq üçün Urmu və Kərkük vilayətlərinə görə fərqli yanaşsalar da, strateji nöqtədə kürdlər və ermənilərdən faydalanırlar. Buna görə də, “Kürdüstan Yurdsevərlər Partiyası”, “PKK” “Kürdüstan Demokrat Partiyası”, “KADEF”, “PEJAK” və digər çoxsaylı kürd təşkilatları mövcuddur. Çünki, böyük strateji hədəflərin alətinə çevrilmiş “silahlı oyuncalqar”a malik olan bu qurumlar proseslərin sonucunun necə bitəcəyinin heç fərqində deyillər. Kürdlər də ermənilər kimi elə düşünürlər ki, böyük güclərin hesabına güclü bir dövlətə sahib olacaqlar. Tehrandakı fars şovinizminə söykənən paniranist gizli strateji mərkəzlər də bu axına öz maraqları çərçivəsində “kürd kartı”nın alovlanmasında maraqlıdırlar. Elə Tehranla İrəvanın strateji maraqlarının tərkib hissəsi olaraq, Urmu vilayətində süni şəkildə kürdlərin sayının artırılması, onların gizli silah qaçaqmalçılığına cəlb edilməsi siyasəti gücləndirilib. Son zamanlar bütün sənaye infrastrukturları iflic olmuş Ermənistanda “hərbi sənaye komleksi”nin keçmiş SSRİ zamanında olduğu kimi dirçəldilməsi yönündə çox ciddi işlər görülməkdədir. Hətta Rusiyada geniş biznes şəbəkəsinə malik olan erməni şirkətləri bu sahədə gərəkən yatırımları qoymaq üçün “biznes planlar” da hazırlayıblar. Unutmaq olmaz ki, “Rusiya Erməniləri Birliyi” təşkilatının prezidenti Ara Abramyan uzun müddət QRU-ya (Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi) birbaşa tabe olan “Rusiya Hərbi Sənaye Kompleksi”nin əsas strukturu olan “Rosvoorujenie” (Rus Silahı) şirkətinin prezidenti vəzifəsində çalışbdır. Mütəxəssislərin fikrincə öz ordusunu maliyyələşdirə bilməyən, diaspor təşkilatlarının humanitar yardımlarının hesabına zorla dolandıran Ermənistanın hərbi sənayeyə üz tutmasının əsas səbəbi İraq, İran, Əfqanıstan, Livan, Pakistan, Suriya, Yəmən və digər dövlətlərdə fəaliyyət göstərən terrorçu təşkilatların silahlandırılmasında birbaşa iştirakının təmin edilməsidir. Digər tərəfdən isə Türkiyədə tədricən kürd sepatizmi tipli digər bölücü hərəkatların da hazırlanması prosesini ermənilər diqqət mərkəzində saxlayırlar. Buraya “suriyanı”, “laz”, “çərkəz” və digər projelər daxildir. Avropa Birliyi sözdə insan hüquqlarından, milli azlıqların tanınmas yönündə bolluca irəli sürsə də, digər tərəfdən isə bu topluluqları eyni zamanda “silahlı mübarizəyə” də səfərbər etməyi unutmur. Bununla yanaşı, İrandakı klerikal rejimin dəyişməsi proseslərinə başlanılacağı təqdirdə, Güney Azərbaycanda ən azından “milli muxtariyyət” uğrunda hərəkata qarşı sarsıdıcı zərbələrin vurulması üçün böyük güclərin hər biri dərin planlar hazırlayıblar. Həmin mərkəzlər çox ehtiyatlı şəkildə bildirirlər ki, Güney Azərbaycanın özgürlüyünə sahib çıxması regionda Azərbaycan və Türkiyə dövlətlərinin birgə gücünün dərinləşməsi deməkdir. Bu sırada isə, Ermənistan bir dövlət olaraq, tam çökəcəkdir. Uzun illərdir oynanılan “kürd kartı”, bu məqsədlə xərclənən milyardlarla dollarlıq vəsait iflasa uğraya bilər. ABŞ-da hazırlanmış BOP (Böyük Orta Doğu) planı məhz bu proseslərin qarşısını almaq üçün İraq, Əfqanıstan və Pakistan ssenarilərini indidən tətbiq edilməkdədir. Urmu vilayətində kürdlərin nüfuzunun artırılması, silahlandırılması, maliyyələşdirilməsi maraqları da buradan doğur.
Urmudakı böhranlar dərinləşməkdədir
Urmu vilayətinin Urmu, Xoy, Səlmas, Maku və digər şəhərlərində, eləcə də kəndlərdə İran Kürdüstanından köçüb gələn kürdlərin yerləşdirilməsi ildən-ilə daha da artıbdır. Kürdlər ermənilərdə olduğu kimi xüsusi məhəllələr yaradaraq kompakt şəkildə yaşamaqla yanaşı, həm də məskunladıqları ərazilərdə özünümüdafiə silahlı qruplar yaradırlar. İran dövləti isə müəmmalı şəkildə bütün bunları susqunluqla seyr edir. Güney Azərbaycanın Urmu vilayətində hələ ki, yerli hakimiyyət orqanlarında türklərin sayca üstünlük təşkil etməsinin sayəsində kürdlər regionda daha dərin problemlər yarada bilmirlər. Vilayət polis idarəsi son 5 ayda apardığı əməliyyat tədbirlərində kürdlərə məxsus 35 silahlı kiçik qrupu zərərsizləşdirə bilib. Kürdlərdən müsadirə olunan 643 ədəd avtomat silahın Ermənistandan gətirildiyi isə istintaq zamanı sübuta yetirilibdir. Yerli məmurlardan biri etiraf edib ki, biz Kərkük vilayətində bir zamanlar kürdlərin silahlanaraq üstün səviyyəyə qalxmalarını, necə türkmanları soyqırıma məruz qoyduqlarını çox yaxşı bilirik və belə bir durumun Urmu vilayətində yaşanılmasına imkan verməyəcəyik. Proseslərin digər maraqlı görünən tərəfi odur ki, Avropa Birliyi, ABŞ, BMT və digər beynəlxalq qurumlar İran məsələsində farslara və kürdlərə məxsus hərəkatları, insan hüquqları təşkilatlarını tanımaqla yanaşı, onlara hərtərəfli dəstək verdikləri halda, Güney Azərbaycanda insan hüquqları, demokratik hərəkat məsələsində susmaqla bundan yan keçirlər. Beynəlxalq qurumlar İraqdakı qondarma “Kürdüstan Hökuməti”nin 2010-cu il büdcəsinə “İranda kürd hərəkatlarını maliyyələşdirmək” maddəsini “demokratiyaya dəstək” kimi müdafiə ediblər. Bu qərara görə İrandakı “Kürdüstan Demokrat Partiyası”na (lideri Abdullah Həsənzadə) 55 milyon dinar, bu partiyanın Mustafa Hicri qanadına 50 milyon dinar, “Kürdüstan-Komilə Partiyası”na (lideri Abdulla Məhtədi, müsəlmandır) 50 milyon dinar, bu partiyanın Ömər Elxanizadə qanadına (yəhudi) 50 milyon dinar, həmin partiyanın İbrahim Əlizadə (yezidi) qanadına 50 milyon dinar, “Kürdüstan Azadlıq Partiyası”na (lideri Əli Qazi) 50 milyon dinar, “Kürdüstan Xibat Partiyası”na (lideri Baba Şeyx Hüseyn) 50 milyon dinar, “Kürdüstan Şurişgah Birliyi” (lideri Simko) təşkilatına isə 45 milyon dinar vəsait ayrılıbdır. Bu rəqəmlər sadəcə etiraf olunanlardır. Güney Azərbaycan, xüsusilə Urmu vilayəti məsələsində son zamanlar Ermənistan və kürdlərə məxsus bu qurumların rəhbərlərinin sıx təmasları yaranıb. Belə ki, Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun türkologiya şöbəsinin nəzdində yaradılmış “Güney Azərbaycan Dosyesi”nin araşdırmalarına görə, Təbriz, Urmu, Xoy, Mərənd, Zəngan, Maku, Həmədan və digər şəhərlərdə türklərdə milliyyətçi düşüncənin inkişaf etməsi Ermənistanın varlığını daim sula altında qoya bilər və bu həm də separatçı Dağlıq Qarabağın müharibə aparılmadan süquta uğraması deməkdir. Adının çəkilməsini istəməyən İran dövlət təhlükəsizlik şurasının keçmiş üzvlərindən biri etiraf edib ki, Güney Azərbaycanda, xüsusilə Urmu vilayətində türklərin milliyyətçi görüşlərinin inkişaf etməsi ermənilərin Dağlıq Qarabağı itirməsinə səbəb olacaq. Buna görə də, rəsmi Tehran Urmu vilayətinin indiki şəraitdə qarışıq bir regiona çevrilməsi siyasətini aparır. Bu barədə İranın rəsmi dairələrinə yaxın olan strateji mərkəzlərin tribunası kimi tanınmış http://www.aftabnews.ir/, http://www.tabnak.ir/ və digər internet səhifələrində “Urmu böhranı” kodu altında aparılan dövlət siyasətinin bütün çalarlarını izləmək mümkündür.
Ənvər BÖRÜSOY, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti

No comments: