Saturday, April 17, 2010

Nüvə məsələsi İran iqtisadiyyatını uçuruma aparır

Nüvə məsələsi İran iqtisadiyyatını uçuruma aparır
GünAzTv: Yaxın zamanda atom-nüvə proqramı ilə bağı İran İslam Respublikasına yeni və sərt iqtisadi sanksiya tətbiq edilərsə, o zaman mövcud hakimiyyət üçün vəziyyət acınacaqlı olacaq. Bir misal: "GünAzTV"nin "Öyrənci" saytına istinadən məlumatında bildirilib ki, Təbrizdəki "Təbrizin Təvvəkkülü Kibriti" adlı fabrikində 49 işçi işdən azad olunub. Buna səbəb kimi kibrit satışının zəiflədiyi göstərilir. İşçilərdən birinin sözlərinə görə, Pakistandan gətirilən bu növdən olan məhsul daha ucuz başa gəldiyindən daxili bazarda yerli məhsulun satışı zəifləyir. Məlumata görə, Təbrizdəki bu zavodun əvvəllər 400 işçisi olub, hazırda isə bu müəssisədə 130 nəfər çalışır.Özəlləşdirməni xilas yolu kimi görürlərÖlkənin neft naziri Məsud Mirkazımi bildirib ki, sənayenin müasirləşdirilməsi üçün yaxın 5 ildə İrana 200 milyard dollar həcmində sərmayə lazımdır."İran deyli"yə müsahibəsində nazir neft, qaz, neftayırma sənayesinin xarici sərmayəyə daha çox ehtiyacı olduğunu söyləyir.
 Onun sözlərinə görə, yatırımın yoxluğu və ya azlığı istehsalın həcminə gözəçarpacaq dərəcədə təsir göstərə bilər.Neft və qaz hasil olunan yataqların istismarı yaxın bir neçə ilə başa çatacaq, yeni yataqların kəşfi, eləcə də işlənilməsi üçünsə maliyyə vəsaiti yetərincə deyil.Vəziyyətdən çıxış yolunu Tehran hakimiyyəti bir zamanlar milliləşdirdiyi, habelə şah rejimindən qalma müəssisələrin özəlləşdiriməsində görür. İranın özəlləşdirmə üzrə təşkilatının sədr müavini Mehdi Okatai bildirib ki, ötən il 500-dən artıq dövlət müəssisəsi özəlləşdirilib. Hesab edilir ki, bu əməliyyat nəticəsində dövlət 12,5 milyard dollar əldə edəcək.Müavinin sözlərinə görə, 2011-ci ilin martınadək daha 524 dövlət müəssisəsi özəlləşdiriləcək. "Fars" xəbər agentliyinin məlumatında bildirilib ki, bu iqtisadi əməliyyat hərrac, tender və başqa üsullarla gerçəkləşdiriləcək.Okatai deyib ki, ilk növbədə dövlət müəssisələrindən, Bəndər-Abbas və Abadan neftayırma kombinatları Tehran Fond Birjasına çıxarılacaq.İSNA-nın xəbərinə görə, İranın neft naziri Məsud Mirkazımi isə bəyan edib ki, bütün neftayırma və neftkimya müəssisələrini özəlləşdirməyə çıxarmaq niyyətləri ciddidir. Bu sahə, eləcə də mühəndis-texniki şirkətlər də bütünlükdə özəl sektora satılacaq.Uran mübahisəsiBu günlərdə ABŞ-ın müdafiə naziri Robert Geyts ölkə telekanallarına müsahibəsində bildirmişdi ki, onlar İranın atom silahı əldə edə bilməyəcəyini düşünürlər: "Biz belə hesab edirik ki, onlar hələ nüvə silahı əldə etməyə qadir deyillər". Dövlət katibi Hillari Klinton onun söylədiklərini təsdiqləyərək, İslam Respublikasını atom silahından uzaq tutmağın Vaşinqtonun əsas hədəfi olduğunu söyləyib: "Soyuq savaş"dan qalma nüvə müharibəsi təhlükəsi artıq azalıb. Ancaq nüvə terrorçuluğu təhlükəsi qalmaqdadır".İranın atom təşkilatı sədrinin müavini Əliəkbər Salehi isə Pentaqonun başçısına sanki cavab verirmiş kimi bəyan etdi ki, İslam Respublikası uranı istənilən səviyyəyədək zənginləşdirə bilər: "Biz uranı 20 faizədək zənginləşdirə bilərik. Bizdə artıq 4 kiloqram belə uran var. Bunun üçün 1,5 kq uran lazımdır".Mütəxəssislərin sözlərinə görə, zənginləşdirilmiş 20 faizli uran sursat kimi istifadə olunmasa da, bu, beynəlxalq ictimaiyyətin rahatsızlığına səbəb olur. "Bizə qarşı tədbirlər kəskin də olub, yumşaq da.
Bununla belə biz məhdudiyyətləri qəbul edə bilmərik. İndi BMT Təhlükəsizlik Şurasının müdriklik göstərərək, yeni sanksiyanı qəbul etməməsini istərdik. Çünki bu qadağalar yalnız İran xalqına deyil, bu yasaqları tətbiq edən dövlətlərin özünə problem yaradacaq" - deyə Salehi söyləyib.Salehi deyir ki, İrana məxsus 50 ton uran 31 ildir Fransadadır. "Qoy fransızlar onu bizə versin. Yaxud amerikalılar - hələ inqilab illərində Tehrandakı reaktora yanacaq üçün biz amerikalılara 2 milyon dollar ödəmişik. Ancaq bu illər ərzində onlar nə yanacaq verib, nə də 2 milyon dollarımızı qaytarıb" - deyə Ə.Salehi bəyan edib.Göründüyü kimi, Tehran Qərbin tələbləri ilə razılaşmır və öz niyyətində qalır.Bu inadın bahasıBu vəziyyət ölkə iqtisadiyyatını çökdürür. Xatırladaq ki, bu günlərdə dünyanın bir sıra şirkətləri İrana benzin satmayacağını bildirib. ABŞ sanksiyalarına etinasızlıqda adı çəkilən Hollandiyanın "Şell" neft şirkəti İrana neft ixracını dayandırdığını bəyan edib. Şirkətin təmsilçisi jurnalistlərə açıqlamasında deyib: "Biz artıq İrana benzin satmırıq". O, bu addımın səbəbini söyləməyib. Ancaq Amerikanın bəlli yasağı ilə bunun bir əlaqəsi olduğu ehtimaldan kənar deyil. "Şell"lə yanaşı daha üç böyük şirkət - "Vitol", "Trafiqura" və "Glinkor" da İrana benzin ixracını dayandırdıqlarını və yanacaq satışının siyasi baxımdan riskli olduğunu bəyan edirlər.Rəqəmlərə görə, İranın gündəlik benzin ehtiyacı 65 milyon litrdir, bunun 22 milyon litri idxal hesabına ödənilir.Ölkələr bir-bir İrandan üz döndərirÖtən ay Rusiyanın "Lukoyl" neft-qaz şirkəti də İslam Respublikasının "Anaran" adlı neft layihəsindən imtina etdiyini bildirib. Bu, şirkətə 63 milyon ziyan vuracaq. Bu layihədə "Lukoyl"un payına 20 faiz düşür. Qalanı isə Norveç "Statoyl"una məxsusdur. Məlumatlara əsasən, norveçlilər də layihədə fəaliyyətini dondurub.Hindistanın ən böyük neftayırma şirkəti - "Relianse" İrandan neft idxalını dayandırdığını bəyan edib. Şirkət rəsmiləri bildirib ki, bu il başlayandan İslam Respublikasından neft idxal etməyib və bu ölkə ilə bağlanan müqavilənin müddətini uzatmayacaq. Onlar məsələnin mahiyyəti haqda açıqlama verməsə də, mütəxəssislər bunun İrana qarşı məlum sanksiya ilə əlaqəsi olduğunu istisna etmirlər.İran rəsmiləri bu kimi qorxunc xəbərlərə şərh verməkdən yayınmağı üstün tutur, yaxud dünya bazarında neftin bahalaşması ilə izah etməyə çalışırlar. Məlumata görə, "Relianse" ötən il İrandan hər gün 100 min barrel həcmində neft idxal edib.Beynəlxalq iqtisadi sanksiyalar ölkədə sabit və təminatlı olmayan siyasi, iqtisadi və sosial həyat üçün ciddi problemlər yaratmaqdadır. Buna maliyyə böhranı da əlavə edilsə, o zaman...Bundan başqa, xaricdən gətirilən mallar ölkədə istehsal olunanlardan ucuz başa gəldiyindən yerli müəssisələr ziyanla işləyir. Odur ki, dövlətdən kredit alan həmin qurumlar özləri məhsul istehsal etməkdənsə, xaricdən mal alıb ölkədə satmağa üstünlük verir. Bu isə son nəticədə işsizliyin artması ilə müşayiət olunur.O da var ki, İran əhalisi 31 il öncəki deyil. Elə hakimiyyətdəkilər də əvvəlki şüarçılıqla dövləti idarə edə bilmirlər. Başqa sözlə, ölkə ictimaiyyəti vədlərdən və özünə qapalı yaşamaqdan bezməkdədir. Son zaman baş verənlər bunu təsdiq edir...
S.Sədrəddin

No comments: