CAP üzvü Aslan Xalidi İslam Partiyasının funksioneri Gündüz Hacıyevi dövləti cinayətdə ittiham etdi
Azərbaycan İslam Partiyası (AİP) siyasi şöbəsinin müdiri Gündüz Hacıyevin İran İslam Respublikasının dini rəhbəri Ayətulla Xameneyiyə ünvanladığı məxfi məktub güneydəki hərəkatçıların əlinə keçib. Cənubi Azərbaycan Parlamenti (CAP) Təşəbbüs Qrupunun üzvü Aslan Xalidi məktubun surətini dünən "Bizim ƏSR"ə təqdim edib. 2001-ci il, 1 mart tarixində yazılmış məktuba fars əlifbası ilə qoyulmuş dərkənarın İranın Bakıdakı səfirliyinin elm və mədəniyyət məsələləri üzrə attaşesi Əli Zöhrəvəndə məxsus olduğu bildirilir.
AİP funksioneri Gündüz Hacıyev sözügedən məktubunda iki dövlət arasında viza rejiminin aradan qaldırılması vacibliyini diqqətə çəkir. Müəllif, eyni zamanda, Azərbaycanda dini təbliğatın gücləndirilməsi üçün İran mütəxəssislərinin köməyinə ehtiyac olduğunu yazır: "Fikrimcə, vizasız keçid, azad ticarət və yaxud azad gömrük rejimini tətbiq etməklə, ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək olardı. Bundan əlavə, təhsil sahəsindəki əlaqələri daha da ciddi müstəviyə keçirmək lazımdır. Hər iki ölkənin razılığına əsasən, Azərbaycanda ibtidai və orta siniflərdə Quranın, şəriət ehkamlarının tədrisi üçün qardaş İran dövləti bizə fəaliyyət proqramının hazırlanmasında və bu proqramı həyata keçirilməkdə mütəxəssis köməyi edə bilər".
Məktubda həmçinin, Azərbaycanın müstəqillik qazanmasında İran İslam İnqilabının "müstəsna rolunun olduğu"nu bildirilir. AİP funksioneri inqilabın azərbaycanlılar üçün "örnək və məktəb" olduğunu iddia edir: "İran İslam İnqilabının əhəmiyyəti o qədər çoxdur ki, dil və qələm onun ifadəsində acizdir. İmam Xomeyni belə buyurmuşdur. Və bu belədir. İran İslam İnqilabının bölgə ölkələrinin müstəqilliyə qovuşasında, onun möhkəmlənməsində rolu və təsiri çox böyükdür. Fikrimcə, ölkəmizdə müstəqilliyin möhkəmlənməsində, yəni ölkə daxilində azad və ədalətli cəmiyyətin qurulmasında, tağutçu dövlətlərin xalqımızın və dövlətimizin əleyhinə yeritdiyi istismarçı siyasətə qarşı mütəşəkkil mübarizədə İran İslam İnqilabı bizim üçün örnək və məktəbdir".
CAP Təşəbbüs Qrupunun üzvü Aslan Xalidinin sözlərinə görə, "islamçı"nın İran dini rəhbərinə ünvanladığı məktub casusluq əlaqələrinin təzahürüdür. "Bu, sadəcə, mətbuat üçün açıqlana biləsi məktubdur. Bizdə onlarla digər məktublar var ki, onlar "İslam" Partiyası və "Azərbaycançı Qüvvələr Birliyi"nin (AQB) İrana işlədiyinə şübhə yeri qoymur. Onlar bu məkbutların hamısını təkzib edə bilməyəcəklər. Çünki həmin məktublarda müəlliflərin koordinatları var, ünvanları var. Həmin məktublarda Azərbaycan qanunlarına və Konstitusiyasına ziddi fikirlər öz əksini tapıb. Lakin biz dövlətlərarası münasibətlərə xələl gətirməmək üçün bu məktubları hələlik açıqlamırıq" - deyən Aslan Xalidi iddia edir ki, "məktublaşma kampaniyası" İran səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi tərəfindən aparılır. Məhkəməyə veriləcəyindən ehtiyatlanmayan CAP funksioneri deyib ki, açıqladığı məlumatların həqiqət olduğunu təsdiqləyən kifayət qədər faktlara malikdir.
Aslan Xalidinin iddiasına görə, AİP funksionerinin məktubu AQB-nin İrana işlədiyinə şübhə yeri qoymur. CAP funksioneri onu da deyib ki, zamanında bu qurumun antimilli fəaliyyəti ilə bağlı daha ciddi faktları üzə çıxaracaq: "AQB-yə daxil olan partiyalar iddia edirlər ki, onların İrana işləməsi barədə heç kim fakt çıxarmır. Açıqladığımız bu məktub onların ifşası istiqamətində ilk addımdır. Onlar İran kəşfiyyatına çox inanan insanlardır. Belə düşünürlər ki, İran kəşfiyyatı heç zaman səhv buraxmaz. Ancaq molla rejiminin Azərbaycanda qurduğu kəşfiyyat strukturunu biz güneylilər də çox yaxşı bilirik. İmkanımız var ki, istənilən vaxt istənilən məlumatları əldə edək. Bu məktub, həm də, İranın Azərbaycandakı səfirliyinə bir xəbərdarlıqdır. Onlar Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar".
İslam Partiyası mətbuat xidmətinin rəhbəri Qurban Cəbrayıl "Bizim ƏSR"ə açıqlamasında Aslan Xalidinin ittihamlarının cəfəngiyyat olduğunu deyib. O, ictimaiyyəti "xalça-palaz alverinə görə İrandan qovulmuş" Aslan Xalidinin AQB barədə söylədiyi fikirlərə önəm verməməyə çağırıb. Onun fikrincə, həmin məktub Gündüz Hacıyevə və "islamçı"lara qurulan tələdir. Qurban Cəbrayıl bildirib ki, Aslan Xalidi ittihamlarına görə cavab verməli olacaq.
İttihama şəxsən məruz qalan AİP siyasi şöbəsinin müdiri Gündüz Hacıyev də açıqlanmış məlumatların iftira olduğunu olduğunu bildirib. Aslan Xalidinin qeyri-ciddi şəxs olduğunu deyən AİP funksioneri mətbuatı onunla əlaqələrdən çəkinməyə çağırıb. İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Həsən Məlikzadə isə səfirliyin ünvanına söylənilən ittihamları qətiyyətlə rədd edib. O deyib ki, bu cür qeyri-ciddi məlumatlar Azərbaycan-İran münasibətlərinin gərginləşdirilməsi məqsədinə xidmət edir.
No comments:
Post a Comment