Friday, March 8, 2013

«Sən osan, mən də buyam»


Xoylu gənc xanım farslara şeirlə cavab verdi
Xoyda Ümumdünya Ana Dili Günüylə bağlı soydaşlarımız etiraz aksiyasına çağırılıb
Turqut
Fevral ayının 21-i bütün dünyada Ümumdünya Ana Dili Günü kimi qeyd olunur. Bu bayramı daha çox yaşadıqları ölkədə dil məhdudiyyətlərilə üzləşən xalqlar qeyd edir. İranda yaşayan azərbaycanlılar üçün də bu bayram xüsusi çəkiyə malikdir. Güney Azərbaycan türkləri də 21 fevral Ümumdünya Ana Dili Gününü müxtəlif tədbirlərlə qeyd edəcəklər. Belə ki, Xoy şəhərinin bir qrup milli-mədəni fəalı Ümumdünya Ana Dili Günündə soydaşlarımızı kütləvi etiraz aksiyasına dəvət ediblər. Çağırış SMS vasitəsilə şəhər əhalisi arasında yayılıb. Çağırışa görə, soydaşlarımız fevralın 21-də yerli vaxtla saat 17-00-da «İmam» xiyabanına yığışmalıdırlar. Həmçinin Ümumdünya Ana Dili Günü münasibətilə Xoy şəhəri və ətraf kəndlərdə çoxsaylı bildirişlər də yayılıb. Bildirişlərdə ana dilinin əhəmiyyəti, milli kimlik və fars şovinizminin apardığı siyasətə toxunulub.







Bu arada azərbaycanlıların yaşadığı Xoy vilayətində maraqlı hadisə baş verib. «Amuziş» (Azərbaycan türkcəsində öyrətmək deməkdir) telekanalında fars dilində yayımlanan «Çəkamə» adlı şeir müsabiqəsində xoylu bir xanım Azərbaycan türklərinin məşhur şairi Məhəmmədtağı Zehtabinin «Sən osan, mən də buyam» şeirini oxuyub. Müsabiqə iştirakçısı xoylu xanım azərbaycanlıların rəğbətini qazanıb. Telekanalın şeiri efirə verməsi də yerli əhalinin diqqətini cəlb edib. Çünki milli-mədəni fəallar deyir ki, adətən İranda Azərbaycan dilində mətbuata, təhsilə və s. fəaliyyətlərə icazə verilmir. Qeyd edək ki, şeirin sonunda daha kəskin fikirlər səsləndiyi üçün xoylu xanımın söylədiyi şeir efirdə sonadək səsləndirilməyib. «Sən osan, mən də buyam» şeirinin müəllifi Məhəmmədtağı Zehtabi bu şeiri 1946-cı ildə yazıb. Şeiri olduğu kimi sizə təqdim edirik:
Sən osan, mən də buyam
Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi,
Əzəlində mənə duzdanə nəməkdan demədi.
Anam əxtər deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyib yəxdi, bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o,
Mənə heç vaxt biya söyləməyib, gəl deyib o.
Yaxşı xatırlayıram, yaz günü axşam çağılar,
Bağçanın günçıxanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala,
Gəlməsən gər bacıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to,
Gən nəayi be zənəm şane səri xahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məxsus olan başqa elim vardı mənim,
Elimə məxsus olan başqa dilim vardı mənim.
İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək axmayasan,
Saniyən, varlığıma, xalqıma xor baxmayasan.
Yoxsa gər zor deyəsən, millətimi xar edəsən,
Gün gələr səhifə çönər, məcbur olarsan gedəsən.
Bundan əlavə, bir neçə Güney Azərbaycan təşkilatı 21 fevral Ümumdünya Ana Dili Günü ilə bağlı ortaq bəyanat yayıblar. Sənəddə bildirilir ki, 21 fevral Ümumdünya Ana Dili Dünü dilləri yox olmaq təhlükəsilə qarşı-qarşıya olan millətlər üçün seçilib: «Bu gün BMT-nin 1999-cu ildən etibarən aldığı qərarla Ümumdünya Ana Dili Günü adlanır və bütün ölkələrdə bayram kimi qeyd olunur: «Ancaq təəssüflər olsun ki, ana dili bayramına can və dildən qatılan millətimiz hələ də dil haqlarına malik olmayıb və hələ də hüquqları tapdalanır. Bir millətin varlığı torpaq, tarix və hər şeydən öncə onun dili hesab olunur. Onun üçün bir milləti öz müstəmləkəsinə çevirmək üçün ilk öncə onun dilini əlindən almağa çalışırlar. Ona görə də Güney Azərbaycan Milli Hərəkatı bu günü Azərbaycanın hər tərəfində çeşidli şəkildə qeyd etməsi lazımdır və öz dilimizə sahib çıxaraq «Türk dilində mədrəsə!» şüarı ilə hər yerdə bu günün əhəmiyyətini diqqətdə saxlamalıyıq. Ümumdünya Ana Dili Günü ərfəsində bu bayramı dil haqlarından məhrum edilmiş bütün insanları, xüsusilə də Azərbaycan türklərini təbrik edir, hamını ölkədə dil qadağası əleyhinə etiraz səslərini ucaltmağa və bu yasaqların aradan qaldırılmasında başlanan hərəkətlərə yardımçı olmağa çağırırıq. Çünki dövlət orqanları bilərəkdən Azərbaycan türklərini səssizcə assimilyasiya etməyə çalışırlar. Biz İran İslam Respublikasının ölkədə qeyri-fars millətlərinin dillərinə qoyduğu qanunsuz qadağanı pisləyir, bu siyasəti qeyri-insani və qeyri-mədəni olduğuna görə qınayır və ölkədə türk nüfuzunun sayını əsas gətirərək Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını istəyirik. Güc birlikdədır». Qeyd edək ki, bəyanatı Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan Libral Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Demokratik Birliyi (Birlik) və Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) imzalayıb.
Eyni zamanda Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) 21 fevral Ümumdünya Ana Dili Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, insan hüquqlarının və milli haqların bərpasının inkişafı dönəmdə millətlərin dillərinin rəsmiyyətdə tanınması dünya ictimaiyyəti tərəfindən normal prinsip kimi qəbul edilib: «Təsadüfi deyil ki, UNESCO Baş Konfransının 1999-cu ildə keçirdiyi 30-cu sessiyasında 21 fevral Ümumdünya Ana dili Günü kimi təsdiq olunub və tövsiyə edilib ki, hər bir ölkə daxilində yaşayan müxtəlif millətlərin ana dilləri rəsmiyyətdə tanınmalı və bütün sahələrdə onun istifadə olunmasına və inkişafına şərait yaradılmalıdır. İran adlanan ölkədə isə öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkü güclü assimilyasiya siyasətinə məruz qalaraq digər hüquqları ilə yanaşı, bu hüquqdan da məhrum olunublar. Onlar ana dilində oxumaq üçün bir məktəbə belə malik deyildir. Fars rasist rejimlərinin irançılıq və farsçılıq adı altında həyata keçirdikləri siyasətin nəticəsidir ki, uşaqlarımız fonetik ahənginə və qrammatikasına görə dünyanın ən kamil dillərindən biri olan Azərbaycan türkcəsində yox, yabancı fars dilində təhsil almaq məcburiyyətindədirlər. Fars molla rejimi Azərbaycan türklərinin öz ana dilində yazıb-oxumasını yasaqlamaqla onun keçmişini və gələcəyini məhv etmək istiqamətində bütün imkanlarını səfərbər edib. Güney Azərbaycan Milli Hərəkatı millətimizə tətbiq olunan haqsızlıqlara qarşı etiraz edərək mübarizə aparır. Rejim bu haqlı tələblərə ən ağır fiziki və mənəvi işgəncə metodları ilə cavab verir. Bu gerçəkliklər onu deməyə əsas verir ki, milli istəklərimizin əsasını təşkil edən ana dilində təhsilin təmin olunması yalnız öz müstəqil dövlətimizi qurduqda gerçəkləşəcək. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyan edir ki, fars rasizminin Azərbaycan türklərinə qarşı apardığı bu siyəsətə son verilməsi üçün millətimizin bütün kəsimləri vahid güc olaraq milli-demokratik dövlətimizin qurulması istiqamətində birgə mübarizəsini daha da gücləndirməlidir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi millətimizi 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə təbrik edir və fars rasist rejiminin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi faşist davranışları qınayaraq onları davamlı mübarizəyə çağırır».
Milli fəalların məhkəməsi keçirilib
Fevralın 19-da Güney Azərbaycan Milli Hərəkatının fəalları Mahmud Fəzli və Mehdi (Elman) Nurinin məhkəməsi keçirilib. «OyanNews»un məlumatına görə, prosesdə soydaşlarımızı vəkilləri Fatimə Səttari və Abbas Fəqihi müdafiə edib. Həyat yoldaşı Mahmud Fəzli ilə məhkəmə salonunda qısa da olsa görüşmək imkanı əldə edib. Məhkəmənin yaxın günlərdə yekun qərarını açıqlayacağı bildirilir. Qeyd edək ki, hər iki azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində keçirilən iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətdən çıxış yollarını müzakirə edərkən 30-a yaxın soydaşımızla birlikdə həbs olunublar və 24 ay azadlıqdan məşrum ediliblər.
Bu arada fevralın 18-də vəkil Fatimə Səttari hazırda qeyri-qanuni olaraq həbsdə saxlanılan milli fəallar Mehdi Kuxiyan və Abbas (Oxtay) Vəlizədənin də müdafiəsini öz üzərinə götürüb. Abbas Vəlizadə dini inancları və müqəddəsləri təhqir etməkdə, Mehdi Kuxiyan isə sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılır. Hazırda hər iki soydaşımız Marağa həbsxanasında saxlanılırlar və məhkəmənin çıxardığı həbs-qətimkan qərarından verdikləri apellyasiya şikayətləri də təmin olunmayıb. Onların işinə Məlikkəndi (Məlikan) ədliyyəsində baxılır. Ancaq Məlikkəndi ədliyyəsində inqilab məhkəməsi olmadığından işin təkrar Marağa ədliyyəsinə göndəriləcəyi ehtimal edilir. Hər iki fəal 2012-ci il dekabrın 27-də İranın Şərqi Azərbaycan vilayətilə Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın «Müsəlla» meydanında keçirilmiş aksiyaya görə dekabrın 31-də həbs olunub.
Bundan əlavə, İrandakı iqtisadi böhran ölkənin həbsxanalarına da öz təsirini göstərməyə başlayıb. Belə ki, fevralın 17-dən etibarən Urmiya həbsxanasında kameralara verilən təmizlik vasitələri və paketlərin paylanılmasına qadağa qoyulub. Həbsxana rəhbərliyinin qərarına əsasən, bundan sonra həmin şeylər məhbuslara pulla satılacaq. Bu addım isə etirazlara səbəb olub və hazırda Urmiya həbsxanasının yeddinci kamerasında vəziyyət çox pisdir. Mütəxəssislər isə bu mövzu ilə bağlı səlahiyyətliləri xəbərdar edərək çox ciddi problemlərin və epidemik xəstəliklərin arta biləcəyini vurğulayıblar. Eyni zamanda məhbusları narkotik aludəçiliyindən xilas etmək üçün yaradılmış «Metadon» kamerası özəlləşdirilib. Bu kamerada narkotik aludəçilərinə ödənişsiz «Metadon» siropu verilirdi. Ancaq bu dərman da artıq pulla məhbuslara satılır. Bir çox məhkumun maddi dumumu isə bu siropu almağa imkan vermir. Ona görə də məhbusların həyatları təhlükə qarşısındadır.

No comments: